Niderland dəniz səyyahı Villem Yanson 1570-ci ildə Amsterdamda doğulduğu güman edilir (doğulduğu yer dəqiq məlum deyil). Kiçik yaşlarından (16 yaşından) gəmidə işləməyə başlayan Villem rəsmi olaraq 1590-cı ildə Hollandiyanın Şərqi Hindistan şirkətinə məxsus olan "Hollandiya gəmisində işə" başladı. 1598-ci ildən 1601-ci ilə kimi Villem Yanson yenidən Şərqi Hindistana səyahət etmişdir. Bu səyahətdə artıq o, "Lam" gəmisinə kapitanlıq edirdi.
1603-cü ilin 18 dekabırında Villem Yanson "Duyfken" gəmisində kapitan olaraq Yeni Qvineyanı, şərq və cənub torpaqlarını axtarmağa getdi. 1605-ci ildə 18 noyabrda Bantam limanından (İndoneziyanın Yava adasında yerləşən bu liman XVII əsrdə Hollandiyanın Şərqi Hindistan şirkətinin ən mühüm limanı idi, hazırda kiçik bir liman kimi fəaliyyət göstərir) yola çıxan gəmi heyyəti Yeni Qvineya adasının qərb sahilləri ilə üzərək Arafur dənizindən, Torres boğazından, Karpentariya körfəzindən keçməklə 1606-cı ilin 26 fevralında Keyp York yarımadasının qərb sahillərinə çatdı. Pennefazer çayının shilində yerə enən dənizçilər bu ərazini Yeni Qvineya bilərək 320 km ərazini tədqiq edərək xəritəsini çəkdilər və buranı Hollandiyanın Zeeland vilayətinin adına uyğun olaraq "Yeni Zelandiya" adlandırdılar (lakin sonralar bu ad qəbul olunmasada o dövrun xəritələrində bu ərazi "Neuholland" kimi yazılır). Yerli aborigenlər tərəfindən 10 gəmi heyyəti öldürüldüyünə görə Bantam limanına geri dönməli oldular.
Bütün bu tədqiqatlar nəticəsində rəsmi olaraq Villem Yanson Avstraliya sahilini tədqiq etmiş ilk avropalı kimi tarxə düşdü.
Sonrakı həyatında Hollandiyanın Şərqi Hindistan şirkətində müxtəlif məsul vəzifələrdə çalışan Villem Yanson 16 iyun 1629-cu ildə Hollandiyaya qayıtdı və sonrakı həyatı haqqında heç bir məlumat yoxdur.