Böyük Britaniya Birləşmiş krallığının ərazisindən axan Temza çayının uzunluğu 334 km-dir. Kotsvold-Hills yüksəkliyindən başlayan çay London şəhərindən keçərək Şimal dənizinə tökülür. Gursululuq dövrü qış aylarına təsadüf edir.
Temza çayı mənsəbində estuari əmələ gətirir. Çayın mənsəbində baş verən qabarma zamanı suyun səviyyəsi 6 metrə qədər qalxa bilir və bu da okean gəmilərinin London limanına daxil olmasına imkan verir. Qabarma zamanı sahili su basmasın deyə çayın kənarı bəndlərlə bərkidilib.
Temza çayı yağış suları ilə qidalanır. Temza çayında gəmiçilik inkişaf edib. Hətta London şəhərində şəhər nəqliyyatı kimi (insanların işə gedib gəlməsi, turistlərin gəzintisi və sairə) istifadə olunur. Çay üzərində London, Oksford, Redinq kimi şəhərlər yerləşir.