Böyüklüyünə görə dünyada olan adalar içərisində altıncı yeri tutan Sumatra adası Malay arxipelaqının Böyük Zond adaları qrupunun qərbində yerləşən adadır. Sahəsi 473 000 km²-ə bərabər olan adanı ekvator iki bərabər hissəyə ayırır. Yəni ada həm şimal, həm də cənub yarımkürəsində yerləşir. Malakka yarımadasından Malakka boğazı, Yava adasından isə Zond boğazı ayırır.
Sumatra adasının cənub qərbi dağlıqdır. Burada Açek, Batak yaylaları və Barisan silsiləsi yerləşir. Silsilə sınma zonasında iki hissəyə ayrılır və paleozoy yaşlı qranit, əhəngdaşı və kvarsitlər geniş yayılıb. Adada olan çox sayda vulkandan 12-si fəaldır.
İqlimi ekvatorial olub il boyu isti və rütubətlidir. İllik yağıntının miqdarı 1000 mm-dən 4000mm-ə qədər, dağlarda isə hətta 6000 mm də ola bilir.
Adanın ən böyük gölü Kalderada yerləşən Toba gölüdür.
Sumatra adasında dağ-mədən sənayesi yaxşı inkişaf edib. Burada neft, kömür, dəmir, qızıl, nikel, qalay çıxarılır.