Mustafa Kamal Atatürk Türk dövlətinin qurucu lideridir. 1881-ci ildə Salonikidə anadan olmuşdur. Ata və ana tərəfinin hər ikisidə böyük ehtimal Oğuz-Türkmən mənşəli idilər. Əsl adı Mustafa olan Atatürk hərbi məktəbdə təhsil almışdı və istedadına görə müəllimi tərəfindən "Kamal" adlandırılmışdır. Hərbi məktəbi bitirdikdən sonra onun üçün əsl sınaq dövrü başlayır. Əvvəlcə Tripoli və arxasından Çanaqqala müharibələrində bu gənc və istedadlı paşa fərqlənməyi bacarmışdı.
Birinci Dünya Müharibəsi Osmanlı Dövləti üçün fəlakətli bir şəkildə bitdi. Antanta dövlətlərinin Osmanlılarla imzaladığı sülh müqaviləsi (Sevr) Osmanlı torpaqlarını bir çox parçaya ayırır, Türk Milləti üçün isə sadəcə Orta Anadoluda ərazi saxlayırdı. Mustafa Kamal Paşa bu müqavilə ilə razılaşmadı. Onun hədəfi Anadoluya getmək və buradakı tərxis edilməmiş Osmanlı korpuslarını istifadə etməklə Anadoluda müqavimət hərəkatı yaratmaq idi.
Antanta dövlətləri yunanlar və ermənilərə Anadolu ərazisindən pay vəd edərək onlardan Anadoludakı son müqavimətidə qırmaqda istifadə etmək istəyirdilər. Yunanların İzmiri tutması Qərbi Anadoluda sürətlə irəliləməsi və ermənilərin Şərqi Anadoludakı hücumları Türk ordusunu iki atəş xətti arasında qoydu. Lakin Atatürkün Samsuna çıxışı ilə vəziyyət dəyişdi. Şərq Cəbhəsində ermənilərə ağır zərbə vuran Kazım Qarabəkir Paşa onları Şərqi Anadoludan tamamilə çıxardı. Gümrü müqaviləsinə əsasən Ermənistan və Türk sərhədləri müəyyən olundu. Qərb Cəbhəsində isə Atatürk əvvəlcə hərbi qüvvələrin sayını artırdı. Nizami ordu və çoxsaylı süvari dəstələri yaratdı. Atatürk düşməni ölkənin daha içərilərinə buraxaraq lazımi anda əsas zərbəni endirmək istəyirdi.
Yunan ordusunun hücumunu dayandırmağı bacaran Türk qüvvələri qəfil əks-hücuma keçərək yunan ordusuna ağır zərbə endirdi. Və yunan ordusu İzmirə qədər geri çəkildi və oradanda Yunanıstana qayıtdı. İmzalanan sülh müqaviləsi Türk dövlətini beynəlxalq arenada rəsmi şəkildə tanıtdı.