Manqo örtülütoxumlular tipinə aid edilən bir bitki cinsidir. Vətəni Hindistan hesab edilir. Manqo sözü Tamil dilindən dünya dillərinə keçmişdir. Tamil dilində "mangai" yada "mankay" olaraq adlandırılmışdır. Uzunömürlü ağacdır, bəzi növləri hətta 300 il ərzində meyvə vermə xüsusiyyətinə malikdir. Dünyada manqo istehsalının üçdə biri Hindistanın payına düşür, ondan sonraki yeri Çin tutur. Hindistan manqo istehsalında əsas yeri tutmasına baxmayaraq ixracatında önəmli yer tutmur. Buna səbəb Hindistanın istehsal etdiyi manqonun çox hissəsinin daxili tələbatı ödəməsidir.
Manqonun vətəni Hindistanın Assam və Myanmanın Tropik meşələri sayılır. Hazırda dünyanın bir çox ölkələrində, ABŞ, Meksika, Çin, Latın Amerikası, tropik Afrikada, Avstraliyada yetişdirilir. Dünyada 1500-ə yaxın sortu var. Meyvəsi iridir, təxminən 400qr-a qədər ola bilir. Bəzən 2-3 kqlıq meyvələrə rast gəlinir.
Manqo dəmirlə zəngin olduğuna görə çox əhəmiyyətlidir. Bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Anemiya, əzələ qıcolmaları, stres və ürəklə bağlı problemlərdə manqonun faydası çoxdur. Qadınlara hamiləlik dövründə və menustrasiya zamanı manqo yemək məsləhət görülür. Dəri və saçlara qulluq zamanı manqo şirəsindən istifadə etmək faydalıdır.