Cənub Şərqi Asiyada yerləşən bu çay Myanma ərazisindən axır. Ölkə ərazisini şimaldan cənuba doğru kəsib keçən bu çayın uzunluğu 2170 km-ə bərabərdir. Çay və onun qolları yuxarı axarında dar kanyon dərələrlə axırlar. Mıçina şəhərindən sonra çayın dərəsi enlənərək 800 metrə çatır. Şan yaylasından keçdikdə İravadi çayı eni 50-100 metrə bərabər olan üç dərə yaradır ki, bu da gəmiçilik üçün təhlükəlidir. İravadi düzənliyində terrasşəkilli geniş dərə əmələ gətirir.
Orta və aşağı axarında çay İravadi düzənliyindən keçir və böyük delta əmələ gətirir. Çayın deltası sıx meşələrlə örtülüdür. Mıçina şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Uzun illər çayın üzərində tək bir körpü var idi. İndi isə 10 dənə yeni körpü tikilib. Çayda iravadi delfinləri yaşayır.