Tərkibində bitkilərinin inkişaf edə biləcəyindən artıq miqdarda suda asan həll olan duzların toplandığı torpaqlar şoran torpaqlar adlanır. Bu tip torpaqlar üst qatda həll olan duzların miqdarı 1%-dən çox olduqda formalaşır.
Bu torpaqların yarandığı şərait yeraltı suların səviyyəsindən və buxarlanma dərəcəsindən asılıdır. Yeraltı suyun səviyyəsi 2 m-ə qədər olduqda və güclü buxarlanma şəraitində şoran torpaqlar yarana bilir. Əsasən şoran torpaqlarda natrium karbonat, kalsium karbonat, xloridli sulfatlı, sulfatlı xloridli, xloridli natriumlu duzlar iştirak edirlər.
Qrund sularının aşağı hissəsində suda çətin həll olan, yuxarı hissəsində isə asan həll olan duzlar iştirak edir. Şoran torpaqlar Mərkəzi Afrika, Mərkəzi Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan və s.-də yayılıb.