Çökdüyü yerdən asılı olaraq dəniz çöküntüləri bir neçə qrupa ayrılır. Bunlardan biri batial çöküntülərdir. Bu çöküntülər adətən dənizin 200-4000m-ə qədər olan dərinliklərində çökür. Suda asılı vəziyyətdə olan narındənəli materiallar sakit mühitə düşdükdə çökərək batial çöküntüləri əmənə gətirirlər. Bu çöküntülər adətən lil çəklində olur.
Sahildən dənizin dərinliklərinə doğru bu hissəciklər daha da bircinsli olur. Dənizdə çökən bu lillər tərkibinə görə bir neçə qrupa ayrılırlar: göy və ya tünd lil- tərkibi ən çox kvars mineralından və müəyyən miqdarda augit, mika, maqnetit və vulkan şüşəsinə də rast gəlmək olur; qalukonit lili-bu lil qədim kristallik süxurların inkişaf etdiyi sahələrdə, dağ silsilələrinin sahilə yaxın olduğu yerlərdə çökür. Tərkibi qalukonitdən (dəmir və kaliumun sulu silikatından ibarətdir) və bəzən onunla birlikdə kvars, kaolinləşmiş ortoklaz, plagioklaz, mika, maqnetit və s ola bilir; karbonatlı lil-bu lilə adətən tropik ərazilərdə rast gəlinir. Bu çöküntülər açıq qəhvəyi rəngdə olurlar, bəzən açıq sarı, boz və tünd qəhvəyi də ola bilirlər; oksidləşmiş lil-bu lil çox oksidləşmiş qırmızıya çalan tünd qəhvəyi rəngdə olurlar; mərcan lili-tropik ərazilərdə mərcan adaları ətrafında yaranır. Bu lil adətən 600m dərinliklərdə yaranır; qırmızı lil-bu lilin tərkibində kalsium karbonatın miqdarı 6-61% arasında dəyişir.