Şərqi Afrikada yerləşən bu kiçik dövlətin Qırmızı dənizə və Ədən körfəzinə çıxışı var. Ölkənin paytaxtı Cibuti şəhəridir. Relyefi dağlar, sönmüş vulkan kraterlərindən və lavalardan ibarət olan yaylalar, daşlı, qumlu, gilli düzənliklərlə əvəz olunur.
İqlimi isti və quru keçir. Bitki örtüyü kasıbdır. Əsasən dağlarda seyrək meşələr düzənliklərdə səhra və yarımsəhralar üstünlük təşkil edir.
Su ehtiyatları ilə zəif təmin edilmişdir. Daimi axarlı çaylar yoxdur. Ən böyük gölü dünyanın ən duzlu göllərindən biri, sahilində Afrikanın ən aşağı nöqtəsi (-155 metr) yerləşən Əssəl gölüdür. Burada qədimdən duz istehsal edilir.
Təbii ehtiyatlarının olmaması sənayenin inkişaf etməməsinə səbəb olub. Əsas iqtisadiyatı liman və azad iqtisadi zona olmasından asılıdır. Kənd təsərrüfatında əsas yeri heyvandarlıq (qoyun, keçi) tutur.