Azərbaycan Asiyada olmağına baxmayaraq niyə görə Avropa ölkəsi sayılır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Əvvəllər keçirilmiş olan sərhəd bölgüsünə görə (Ural dağları, Emba və ya Ural çayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı Egey dənizi) Azərbaycan Respublikası bütövlüklə Asiya qitəsinə düşürdü. Son illərdə sərhəddi düz çəkilməməsi müzakirə olunur və yeni sərhədin Böyük Qafqaz dağlarının oxu boyunca keçirilməsi nəzərdən keçirilir və bu bölgüyə görə Azərbaycan Respublikasının ərazisinin 15%-ə qədəri Avropaya, 85%-i isə Asiyaya düşür.

Belə olan halda Azərbaycan Respublikası digər iki qitədə yerləşən ölkələr kimi (Rusiya, Türkiyə və s.) trans-kontinental ölkə sayıla bilər.

Hazırda isə Azərbaycan Respublikası coğrafi məkan kimi Asiyanın Cənubi Qafqaz regionuna daxildir. Siyasi cəhətdən isə Avropa Şurasının üzvi olduğuna görə Avropa ölkəsi sayılır.

Şəkildə - yaşıl rənglə bütövlükdə Avropada yerləşən ölkələr, mavi rənglə Rusiya, Qazaxıstan, Türkiyə, Azərbaycan və Gürcüstanın Avropaya düşən ərazisi, bənövşəyi rənglə bu ölkələrin Asiyaya düşən ərazisi çəhrayı rənglə Asiya ölkələri göstərilib.

0 points
Yagublu answered

Tornado çox gözəl cavab yazıb. Məndə bəzi əlavələr etmək istəyirəm. Avropa deyəndə əsasən 3 cür anlayış başa düşülür.

1. Fiziki Avropa - Bu anlayış özü dəqiqləşdirilməmiş bir şeydir, çox vaxt ölkələrin siyasi maraqları ilə yenidən çəkilir. Məsələn son Fiziki xəritədə Azərbaycanın Böyük Qafqaz silsiləsindən Şimalda qalan rayonları - Xaçmaz, Xudat, Quba, Qusar, Siyəzən, Dəvəçi, Corat da daxil olmaqla Avropada sayılmağa başladı. Bu hadisənin Azərbaycanın neft ehtiyatlarını Avropaya satmağa başlaması ilə eyni vaxtda olması heç təsadüfi deyil. Yəni əgər Avropaya lazımsansa, deməli Avropasan. Yəni Avropa Asiya ayrımı sadəcə təxəyyüli xəritələrlə ayrılır, çünki materik olaraq birdir. Bu fiziki xəritədə Cənubi Qafqaz ölkələrindən Azərbaycanın 15%-i, Gürcüstanın 1%-i, Ermənistanınsa 0% Avropada yerləşir. Qazaxıstan, Rusiya, Türkiyə də həmçinin trans-kontinental ölkələr sayılırlar.

2. Siyasi Avropa - Burda da fizikidəki kimi heç bir dəqiqlik yoxdur, necə istəyirlər elə də, xəritələri çəkirlər. Ümumən 2 təşkilata üzvlüklə müəyyən edilir - Avropa Birliyi və Avropa Şurası. Azərbaycan, Ermənistan və Gürcüstan çox vaxt siyasi Avropanın bir hissəsi kimi göstərilir. Amma Rusiya ilə gələcəkdə ola bilən problemləri nəzərə aldıqda, bu dövlətlərin kimin tərəfində olmasından asılı olaraq, yenidən xəritə çəkib, dəyişə bilərlər.

3. Mədəni Avropa - Bura Avropa Teleradio Birliyinə üzv olmaqdan, həmçinin Olimpiyada, Avroviziya, Futbol və sairə yarışlarda Avropada olmağıyla izah olunur. Məsələn Avropadan xeyli uzaqda yerləşən İsrail - idman növlərində və mədəni tədbirlərdə Avropada iştirak edir, Buna səbəb isə ətraf qonşu dövlətlərlə hərbi konfliktlərdə olmağı göstərilir. Həmçinin Qazaxıstan idman yarışlarında əvvəlcə Asiyada çıxış edirdi, indi Avropada çıxış etməyə başlayıb.

Mənim fikrimə gəldikdə isə məncə Azərbaycan Avropada olmaq istəyir, amma dünyanın ən sürətlə inkişaf edən ölkələri Asiyada yerləşir, yəni yaxın gələcəkdə Asiyada olmaq daha prestijli olacaq. Məsələn tək Çin İqtisadiyyatı bütün Avropadan daha böyükdür. Dünyanın 90%-dan çox yeni texnologiyaları Asiyadan yaradılır. Sinqapur və Honq Konq dünyanın ən inkişaf etmiş ölkələridir və hər ikisi Asiyada yerləşir.

0 points